ls və cd əmrləri. Faylların növləri. Kataloqlarla iş əmrləri

ls və cd əmrləri

Keçən dərsdə qeyd etdiyim kimi ls əmri cari qovluqdakı faylların siyahısını göstərir. Qeyd edim ki, Linuxda əmrlərin bir neçə parametri ola bilər. Bugün haqqında danışacağımız ls əmrinin bir neçə əsas (daha çox istifadə olunan) parametri ilə tanış olacağıq.
Uzun uzadı danışmadan keçək parametrlərə :) Lakin, mən sizə bir parametri göstərəcəm terminalda, qalanlarını yoxlamağı özünüzə tapşırıram. Yoxlamasanız da dərsi oxumağın bir mənası qalmayacaq...
ls – сari kataloqdakı fayl və qovluqların siyahısını göstərən əmrdir;
  • ls -a normalda görünməyən və adları nöqtə simvolu ilə başlayan fayl və qovluqların sıyhısını göstərir;
  • ls -l qovluqlar haqqında bütün informasiyanı göstərir. Bu məlumatlar qovluğun sahibi, nə vaxt yaradıldığı, aid olduğu qrup və istifadəçilər kimi məlumatları göstərir;
  • ls -s bütün fayl və qovluqlar haqqında məlumatı nizamlayaraq ekrana çıxarır;
  • -a -l parametrlərini birgə istifadə etdikdə, nöqtə simvolu ilə başlayan bütün fayl və qovluqlar haqqında ətraflı məlumat görünəcək (ls –la və ya ls -al);
  • ls a* adı “a” simvolu ilə başlayan, faylların siyahısını göstərir;
  • ls *a – adı “a” simvolu ilə bitən faylların siyahısını göstərir;
  • ls a[1-3] – adı iki simvoldan ibarət olan, adının ilk simvolu “a”, digəri 1,2 və ya 3 olan faylların siyahısını göstərir;
  • ls a[1-3]* adı ixtiyari sayda simvoldan ibarət olan, ilk simvolu “a”, ikinci simvolu 1,2 və ya 3, digərləri isə ixtiyari simvollar olan faylların siyahısını göstərirk;
  • ls ?1* adının ilk simvolu ixtiyari, sonrakı simvolu “1”, qalanları isə ixtiyari simvollar olan faylların siyahısını göstərir;

cd directory_name – cari kataloqu dəyişir. 
  • cd - – əvvəlki qovluğa (geri) qayıdır; 
  • cd .. – bir kataloq yuxarı aparır; 
  • cd ~ –  istifadəçinin ev kataloquna keçir; 
  • cd /  kök kataloqa keçir;

Faylların növləri

Linuxun fayl sistemində faylların bir neçə tipləri var. “Fayl” anlayışı özündə, həmçinin, periferiya qurğuları və kanallarla iş interfeyslərini əks etdirir. Kanallar – sistemdə müxtəlif proseslərə informasiya mübadiləsi etməyə imkan verir.
Tutaq ki, lesson/ qovluğundayıq. ls -l əmri vasitəsilə həmin qovluqdakı faylların siyahısına baxaq:

[liveuser@localhost lesson]$   ls -l
total 4
-rwxr-xr-x       1  root   root     2872     Aug 27 2001     arch
-rw-rw-rw-      1  root   root     612       Jun 25 2001      chain.b
brw-rw----       1  root   disk     3, 1       Feb 3 15:38       hda1
drwxrwxrwx    2  root   root    32768   Feb 3 15:38      ida

Gördüyünüz kimi fayllar müxtəlif rənglərdədir və fayllar haqqında informasiyanı göstərən cədvəlin ilk sütunundakı 10 simvoldan ibarət yazının ilk simvolları fərqlənir. Faylların tipini müəyyən etmək üçün məhz bu simvol bizə kömək edəcək. Belə ki, ilk simvolun hansı tipi göstərməsi aşağıda qeyd olunub və bunlar faylların tipləridir:
-  – adi fayl (file);
d – kataloq (directory);
l  – link;
b – blok qurğusu (block device);
с simvol qurğusu (character device);
p – kanal (pipe);

Lakin, bunlar faylların hamısı deyil. Gizli fayllar da mövcuddur və keçən dərsimizdə qeyd etdiyim kimi – ls -a əmri vasitəsilə gizli fayllar (kataloqlar) da daxil olmaqla, bütün faylların siyahısını görə bilərsiniz.



Kataloqlarla iş əmrləri

Linux ƏS ilə iş zamanı vacib amillərdən biri də fayl sistemi üzrə naviqasiyadır. Fayl sistemi üzrə naviqasiyada istifadə olunan əmrlərdən pwd cd əmrləri haqqında keçən iki dərsimizdə danışmışdıq. İndi isə digər əmrlər haqqında danışaq.
pushd, popd – bu əmrlər bir-biri ilə əlaqəli olaraq işləyirlər. pushd əmri kataloqu göstərilən kataloqa dəyişir. pushd .. əmri (.. parametri ilə pushd əmri) kataloqu, kataloq ağacında bir kataloq yuxarıya dəyişir.

pushd directory_name

Bu əmrin cd əmrindən fərqi ondadır ki, kataloqların dəyişdirilməsinin bütün arxivi stekdə saxlanılır və sonra bu, sürətli naviqasiya üçün popd əmri vasitəsilə istifadə olunur.
Bütün əmrləri mən aşağıdakı şəkildə pir pəncərədə yazmışam və yoxlamışam.
Digər ƏS-lərində olduğu kimi Linuxda da kataloqlarla iş istifadəçi üçün çox vacibdir. Kataloqlarla iş zamanı ən çox istifadə olunan kataloqlar haqqında danışaq.
mkdir – əmri kataloq yaradır. Bu əmri verərkən qarşısında yaratmaq istədiyiniz qovluğun adı yazılır.

mkdir directory_name

Bu misalda yazdığım directory_name qovluq adıdır. Siz istədiyiniz adı verə bilərsiniz.


  • Gördüyünüz kimi mən pwd əmri ilə hansı kataloqda olduğumu yoxladım.  /home kataloqunda idim;
  • ls əmri vasitəsilə onun içindəki faylların siyahısına baxdım, orada liveuser istifadəçisinin liveuser/ adlı ev kataloqu var;
  • cd əmri vasitəsilə həmin qovluğa daxil oldum;
  • ls əmri ilə bu qovluqda hansı fayllar (qovluqlar) olduğuna baxdım;
  • cd əmri vasitəsilə Documents/ qovluğuna daxil oldum;
  • ls əmrindən istifadə edərək baxıram ki, orda hansı fayllar var;
  • Və nəhayət, mkdir əmrindən istifadə edərək, leyla/ adlı qovluq yaratdım.


rmdir – əmri kataloqu silməyə imkan verir. Əmrin qarşısında kataloqun adını yazmaq lazımdır ki, həmin kataloqu silsin. Qeyd edim ki, siz silmək istədiyiniz kataloqda olsanız, onu silə bilməyəcəksiz. Mütləq həmin kataloqdan ya bir kataloq yuxarıda olmalısız, ya da başqa kataloqda. Başqa kataloqda olduğunuz zaman isə silmək istədiyiniz kataloqa gedən yolu göstərməlisiniz.


  • Documents/ qovluğunda idim. cd əmri ilə onun daxilindəki leyla/ qovluğuna keçdim;
  • Bu qovluğu silmək istəyirəm. rmdir vasitəsilə silməyə çalışdım, lakin, alınmadı. Çünki, mən silmək istədiyim qovluqda idim;
  • cd .. əmri ilə bir kataloq yuxarı keçdim;
  • rmdir əmri ilə leyla/ kataloqunu sildim;
  • Bu kataloqu silib silmədiyinizi dəqiqləşdirmək üçün ls əmrini verməklə faylların siyahısına baxa bilərsiniz. Görəcəksiniz ki, leyla/ kataloqu artıq yoxdur.


Qeyd edim ki, rmdir əmri heç bir parametri olmadan, yalnız və yalnız boş qovluqları silə bilər. İndi isə rmdir əmrinin parametrlərini yoxlayaq.

 

 

2 comments:

  1. Salam :) twkler her wey ucun.... bir sual...
    Men Ubuntunu D: diskine install eledim perezakruzka verdim ubuntu ile bawladi proses... sizin burda yazdiqlarivi yeni ki,liveuser@localhost -a hardan daxil olum ?

    ReplyDelete
    Replies
    1. Salam. Buyurun :) Mən Sizə təşəkkür edirəm dəyərləndirdiyiniz üçün.

      Ümumiyyətlə məsləhət görürəm ki, dərsləri ardıcıllıqla oxuyasınız. Sualınızdan belə başa düşdüm ki, siz terminala daxil olmaq istəyirsiniz. Bunun üçün bu linkə nəzər salın:

      http://leylaliyeva.blogspot.com/p/linuxun-komputer-qurasdrlmas-terminalla.html

      Qaldı ki, terminaldakı liveuser və localhost sözlərinə, bu hamıda eyni deyil. Bunu oxuyun başa düşəcəksiniz:

      liveuser - əmrlər bu istifadəçinin adından işə salınacaq və yerinə yetiriləcək; @ işarəsindən sonrakı localhost isə kompüterin adıdır. Bu adı siz sistemi quraşdırarkən təyin etmisiniz. ~ işarəsi istifadəçinin ev kataloqunu göstərir və hal-hazırda sizhəmin qovluqdasınız. $ - simvolu yalnız o halda # kimi də göstərilir ki, siz root user (yəni superistifadəçi) kimi işləyirsiniz. Sizə tanış olmayan bütün bu anlayışlar barədə bir-bir məlumat verəcəm.

      Delete