Fayllarla iş əmrləri. Vi redaktoru.

Fayllarla iş əmrləri
Linux istifadəçisi gündəlik olaraq, fayllar yaratmalı, kopyalamalı, köçürməli və silməli olur. Fayl sistemində bu əməliyyatlar çox vacibdirlər.
1. Əvvəlcə fayl yaradaq.
touch – əmri cari qovluqda fayl yaradır. Əmri verərkən qarşısında yaratmaq istədiyimiz faylın adını yazırıq.
touch file_name
Burada file_name yaradacağımız faylın adıdır.
Bundan sonra istifadə edəcəyimiz bir məqamı qeyd edim. Artıq hər dəfə əmrləri yazarkən onların sintaksislərini də qeyd edəcəm. Bu zaman faylların qovluqların adları və s. bu kimi xüsusi yazılar olan hissəni < > işarələrinin daxilində yazacam. Lakin, əmrdə bu işarələr istifadə olunur. Məsələn, touch əmrinin sintaksisi aşağıdakı kimi olacaq:
touch <faylın adı>

Cari kataloqda sizin qeyd etdiyiniz adda fayl varsa, touch əmri həmin faylı yeniləyəcək.Məsələn, tutaq ki, sizin yaratmaq istədiyiniz faylın adı example-dir. Və sizin cari qovluqda da həmin adda fayl var. Onda mövcud olan fayl sanki sıfırlanacaq. Çünki, sizin yaratdığınız yeni fayl boşdur.
Eyni anda touch əmri ilə siz istədiyiniz qədər fayl yarada bilərsiniz. Bu zaman touch əmrinin sintaksisi aşağıdakı kimi olacaq.
touch <fayl 1> <fayl 2> <fayl 3> <fayl 4>

2. cp (copy deməkdir) – əmri faylların kopyalanması üçün istifadə olunur.
·         Faylı hər hansı bir kataloqa kopyalamaq üçün cp əmrinin sintksisi aşağıdakı kimidir:
·         cp <faylın adı> <hansı kataloqa kopyalamalı>
·          
·         cp əmri vasitəsilə bir faylı cari kataloqa kopyalamaq olar, lakin, ona başqa ad vermək lazımdır. Bu zaman cp əmrinin sintaksisi aşağıdakı kimi olacaq.
·         cp <kopyalanacaq fayl> <yeni adı>
·          
·         cp əmrinin bir çox parametrləri var. Onlardan ən çox istifadə olunanı -R parametridir. cp əmrini bu parametri ilə verdikdə, kataloqu rekursiv olaraq kopyalayır. Yəni, içində nə varsa hamısı ilə birlikdə.
·         cp -R <kopyalanacaq kataloq> <hansı kataloqa>

3. rm (remove deməkdir) – əmri faylın silinməsi üçün istifadə olunur. Sintaksisi aşağıdakı kimidir:
rm <faylın adı>

Bir çox parametrləri var. Onlardan ən çox istifadə olunanlarını qeyd edək:
·         rm -i  <faylın adı> – faylı soruşaraq silir. Sizdən faylı silib-silmıdiyinizi soruşmaq istəyərkən əgər silmək istəyirsinizsə y, istəmirsinizsə N cavabını verin ve ENTERi sıxın.
·         rm -r  <faylın adı>   rekursiv silmə;
·         rm -f  <faylın adı>   bütün faylların soruşulmadan silinməsi;
·         rm -v  <faylın adı>   faylı silir və silinmə barəsində məlumat verir;
·         rm -rf  <faylın adı> bu, -r və -f parametrlərinin birgə istifadəsidir. Bu, çoxlu faylların silinməsi üçün istifadə olunur. Əmri verdiyiniz diqqətli olmanız məsləhətdir. Çünki, bu əmr çox zaman sistemin çökməsinə səbəb olur.

4. mv (move deməkdir)faylı köçürmək üçün istifadə olunur.
·         mv <faylın adı> <qovluğun adı> - faylı qovluğa köçürmək üçün istifadə olunur;
·         mv <faylın əvvəlki adı> <faylın yeni adı> - faylın adını dəyişir;

Linuxda fayllarla iş – baza biliklərindən biri hesab olunur. Burada biz sizinlə fayllardan məlumatın ekrana çıxarılması üsullarını öyrənəcəyik. Adi fayllardan danışaq.
Bu fayllarda informasiya iki cür saxlana bilər: ASCII mətni və ya ikilik mətn şəklində. Bu tip məlumatların hər biri üçün elə proqramlar var ki, onları ekrna çıxara bilir.
Mətn faylları üçün əsasən cat, tac, more, less, head, odtail əmrləri istifadə olunur.
Daha ətraflı şəkildə baxaq:
5. cat <file_name> mətn məlumatını fayldan ekrana çıxarmaq üçün istifadə olunur;
Bu əmrin bir neçə parametri var. Onlardan ən çox istifadə olunanları qeyd edək.
-b (--number -nonblank) – bütün boş olmayan sətrləri nömrələmək;
-n (--number) – bütün sətrləri nömrələmək;
-s (--squeze -blank) – bir neçə dalbadal boş olan sətrin bir sətir şəklində göstərilmir;
-T (--show  -tabs) – tabulyasiya simvollarını “^|” şəklində göstərmək;
-E (--show  -ends) – sətrlərin sonu simvollarını “$” şəklində göstərmək;

cat file_1 file_2 > file_3 – ilk iki faylı birləşdirir və file_3-dəki bütün məlumatları silərək nəticəni ora yerləşdirir.
cat file_1 >> file_2file_1-dəki məlumatı file_2-dəki məlumatın davamına əlavə edir, yəni, silmədən.


6. tac <file_name> - bu əmr fayldakı mətni ekrana aşağıdan yuxarıya doğru çıxarır (əks sıra ilə);
7. more <file_name> - bu əmr fayldakı məlumata hissə-hissə baxmağa imkan verir. more əmri çevirmə üçün iki düymədən istifadə edir:
probel – növbəti ekranı göstərir;
ENTER – növbəti sətri göstərir.
Lakin, more əmrində bir çatışmayan cəhət var ki, o da mətni yalnız yuxarı qaldıra bilməsidir. Əgər siz artıq ikinci ekrana baxırsınızsa, onda əvvəlinə qayıtmaq hüç cür mümkün olmyacaq.

8. Bu problemi less əmri asanlıqla həll edir.
less <file_name> - ixtiyari uzunluqlu fayla onu istənilən tərəfə çevirməklə baxmağa imkan verir. Bu əmr klaviaturanın aşağıdakı kombinasiyalarını tanıyır:
ENTER (və ya aşağı istiqamətdə ox) – bir sətr aşağıdakı keçmək;
probel (və ya Page Down) – mətn vasitəsilə aşağıdakı səhifəyə keçmək;
Page Up – mətn vasitəsilə yuxarıdakı səhifəyə getmək;
yuxarı istiqamətdə ox – mətn vasitəsilə bir sətr yuxarı keçmək;
/ - axtarış;
Home – mətn kanalına keçmək;
End – mətnin sonuna keçmək;
q – less proqramından çıxmaq.

Lakin, əgər bizə bütün faylı göstərmək lazım deyilsə, məhz hansısa hissəsi lazımdırsa, onda headtail əmrlərindən istifadə etmək lazımdır.

9. head <file_name> – susmaya görə ilk 10 sətri ekrana çıxarır. Bu əmrə aşağıdakı parametrləri vermək olar:
head -<lines> <file_name> - <file_name> adlı faylının ilk <lines> sayda sətrini ekrana çıxarır;
Məsələn, head -6 leyla – əmrini versək, bu zaman leyla adlı faylın ilk 6 sətri ekrana çıxarılacaq;
-n <lines> – faylın başlanğıcından başlayaraq, <lines> sayda sətri ekrana çıxarmaq;
-c <bytes> – faylın başlanğıcından başlayaraq, <bytes> ölçüdə informasiyanı ekrana çıxarmaq;
-q – bir neçə fayldakı məlumatın eyni anda ekrana çıxarılması zamanı, həmin faylların başlıqlarının göstərilməməsi üçün istifadə olunur.

10. tail <file_name> – faylın son 10 sətrini göstərir. Onun ən çox istifadə olunan parametrləri aşağıdakılardır:
-n <lines> – faylın <lines> sayda son sətrlərini ekrana çıxarmaq;
-c <bytes> – faylın <bytes> ölçüdə son informasiyasını ekrana çıxarmaq;
-f – faylın sonunu oxumaq üçün daimi dövrə girir. Bu qayda ilə fayla yeni informasiyanı daxil etdikdə, istifadəçi real zaman müddətində monitorinq edə bilər. Bu rejimdən çıxış CTRL+C kombinasiyası ilə həyata keçirilir.
Binar (ikilik) məlumat saxlayan fayllara baxmaq üçün cat və ya more kimi əmrlər işə yaramır.

11. od <file_name> – bu əmr binar fayllara baytlar yığımı kimi baxmağa imkan verir. Bu əmrin daha çox istifadə olunan parametrləri aşağıdakılardır:
-A <radix> – adların hansı işarələmələr sistemində göstəriləcəyini təyin edir. Burada <radix> aşağıdakı qiymətləri ala bilər:
d – 10-luq;
x – 16-lıq;
o – 8-lik (susmaya görə);
n – adresləri göstərmək;

-j <bytes> – faylın başlanğıcından <bytes> sayda baytı ekrana çıxarır;
-v – ard-arda olan bir neçə eyni sətrin ekrana çıxarılmasını aktiv etmək üçün istifadə olunur. Susmaya görə od əmri həmin çoxluqdan yalnız birinci sətri çap edir, digərlərinin əvvəlinə * işarəsi qoyur.

12. nl <file_name> – bu əmr fayldakı sətirləri nömrələyərək ekrana çıxarır. Lakin, bu dəyişiklik faylın içində baş vermir.


Vi redaktoru
Linuxda faylların üzərində dəyişikliklər aparmaq üçün bir çox redaktorlar (editorlar) mövcuddur. Bu redaktorlardan ən sadəsi vi editorudur. Bu barədə sizə qısa məlumat verəcəm və vi redaktorunda işləmək üçün sadə əməliyyatları izah edəcəm.
Tutaq ki, istifadəçinin ev kataloqundayıq. leyla adlı bir fayl yaradaq. Onu açıb içində dəyişikliklər aparmaq üçün hər hansı bir redaktordan istifadə edə bilərsiniz. vi redaktoru vasitəsilə faylı açmaq və üzərində dəyişiklik aparmaq üçün əmr aşağıdakı kimidir:
vi <file_name>
Məsələn, vi leyla əmrini versək, bu zaman leyla faylında heç nə olmadığı üçün siz boş sətrlər görəcəksiniz. Fayla nəsə yazmaq, məlumat əlavə etmək üçün Insert rejiminə keçmək lazımdır. Bunun üçün klaviaturadan  i  hərfinə məxsus olan düyməni sıxmaq kifayətdir. Insert rejiminə keçdiyiniz zaman aşağıda Insert sözünü görəcəksiniz. Insert rejiminə keçdikdən sonra fayla istədiyiniz məlumatları əlavə edə bilərsiniz.
Faylı yaddaşda saxlamaq və ya bağlamaq üçün Esc düyməsi ilə Insert rejimindən çıxmaq lazımdır. Faylı yadda saxlamaq üçün :w yazmaq və ENTER-i sıxmaq lazımdır. Əgər faylı bağlamaq istəyirsinizsə onda :q yazmaq və ENTER-i sıxmaq lazımdır. Eyni anda faylı həm yaddaşda saxlamaq, həm də bağlamaq istəyirsinizsə onda :wq yazmaq və ENTER-i sıxmaq lazımdır.
 Esc düyməsi ilə Insert rejimindən çıxdıqdan sonra faylda sətirləri kopyalamaq, kəsmək, silmək və s. mümkündür.
dd - cari kursordakı sətri silir;
2dd - cari kursordan başlayaraq 2 sətri silir;
<#>dd - cari kursordan başlayaraq # sayda sətri silir;

yy - cari kursordakı sətri buferə kopyalayır;
2yy - cari kursordan başlayaraq 2 sətri buferə kopyalayır;
<#>yy - cari kursordan başlayaraq # sayda sətri uferə kopyalayır;

cc - cari kursordan sətri kəsir (cut);
p - kopyalanmış və ya kəsilmiş sətri cari kursorda paste edir;

1 comment:

  1. Salam Leyla xanım. Mən də Linux əməliyyat sisteminə yeni başlayan öyrəncilərdən biriyəm. Ancaq fikir vermisinizsə touch əmrindən sonra <> bu sintaksis istifadə olunur yazmısınız. Ancaq touch bunu götürmür. touch file_name bunu isə götürür. Yəqin mexaniki səhvə yol vermisiniz. Yəqin olunmur yazmaq istəmisiniz. Öncədən təşəkkür edirəm.

    ReplyDelete