Linux üçün əsas klaviatura kombinasiyaları

Linux üçün əsas klaviatura kombinasiyaları

Bu dərsdə sizlərə Linuxu istifadə ütmək üçün lazım olan əsas klaviatura kombinasiyaları haqqında danışacam. Barəsində danışacağım kombinasiyaların çoxu terminalda istifadə olunur. Lakin, X-window-da fərqli xüsusiyyətlərə malikdirlər.
1.            Alt+Ctrl+Fn (n=1,...,6)
Bu kombinasiya X-window rejimindən terminal rejiminə keçmək üçündür. Bir çox Linux distributivlərində eyni zamanda bir neçə standart konsol açmaq mümkündür. Bunların hamısı bir-biri ilə əlaqəsizdirlər, eyni zamanda hamısında işləmək mümkündür. Yəni, birində bir əmr yerinə yetirildiyi zaman digərində başqa bir əmr vermək mümkündür.
P.S. Bilirəm indi hamınız X-window rejiminə geri qayıdıb, bunu yoxlamaq istəyirsiniz, amma, konsol rejimində olduğunuz üçün hələki bu alınmır. Sistemi yenidən işə salmağa ehtiyac yoxdur, aşağıdakı kombinasiyaya baxmanız kifayətdir :)
2.            Ctrl+Alt+F7
Daha əvvəl aktiv etdiyiniz konsol rejimindən X-window rejiminə qayıtmaq üçün istifadə olunur.
3.            Ctrl+Alt+Fn (n=7,...,17)
n nömrəli X-window rejiminə keçir. Eyni zamanda bir neçə X-window rejimi açmaq mümkün olduğu üçün bunlar arasında keçid edə bilərsiniz.
4.            Tab
Yazmaqda olduğunuz bir əmri tamamlayır. Məsələn, bir əmrin istənilən sayda hərflərini yazıb, Tab düyməsini sıxın. Bu zaman bütün mümkün hallardan ibarət siyahı ekrana çıxacaq. Əgər yalnız bir hal mümkündürsə, onda əmr tamamlanacaq. Buna misal olaraq aşağıdakı iki nümunəyə baxa bilərsiniz. Qeyd edim ki, bəzi hallarda Tab düyməsini iki dəfə sıxmalı ola bilərsiniz.




Şəkil 1


5.            Yuxarı ox, Aşağı ox, PgUpPgDn düymələri
Daha əvvəl istifadə etdiyiniz əmrləri göstərəcəklər. Qeyd edim ki, əgər istifadə etdiyiniz bütün əmrlərin siyahısına ehtiyacınız varsa, onda history əmrindən istifadə edə bilərsiniz. Nəticədə history əmrinin özü də daxil olmaqla sizing istifadə etdiyiniz bütün əmrlərin siyahısı çıxacaq. Mən şəkildə həmin siyahının yalnız qısa bir hissəsini göstərmişəm, çünki, siyahı çox uzun idi :)


Şəkil 2


6.            Shift+PgUp Shift+PgDn
Əmrin nəticəsini yuxarı, aşağı hərəkət etdirmək üçün istifadə olunur. (nəticə ekranın göstəricilərindən uzun olduqda)
7.            Ctrl+Alt+BkSpc
X-window rejimini sona çatdırır.
8.            Ctrl+Alt+Del
Sistemi yenidən işə salmaq üçün istifadə olunur (reboot). Bu kombinasiya terminaldakı shutdown -r now və ya reboot əmri ilə eyni işi görür. Reset düyməsi əvəzinə bunu seçməniz daha doğrudur. Çünki, reset etdikdə, ext2 kimi bəzi fayl sistemləri problem yaradır.
Qeyd edim ki, barəsində danışdığımız kombinasiya /etc/inittab faylında təyin olunur. İstəsəniz onu deaktiv edə bilərsiniz.
9.            Ctrl+C
Hal-hazırda işləməkdə olan əmrin işini dayandırır.
10.         Ctrl+D
Əgər terminaldasınızsa, terminalı bağlayır.

No comments:

Post a Comment